Arxiv

Qiymətli Kağızlar Bazarının 2009-cu il üzrə İcmalı

2009-cu ilin ilk yarımilliyində kəskinləşən qlobal iqtisadi böhran ilin ikinci yarısında səngimə meylləri nümayiş etdirmiş və aparıcı iqtisadiyyatlarda kövrək dirçəliş əlamətləri müşahidə olunmuşdur. Ölkələrin əlaqələndirilmiş fiskal və monetar stimullaşdırma tədbirləri nəticəsində artım templərinin müəyyən dərəcədə bərpa olunmasına baxmayaraq, ümumilikdə 2009-cu ildə qlobal ÜDM daralma ilə tamamlanmışdır. İqtisadi resessiya şəraitində fəaliyyət göstərən dünya kapital bazarları dəyişkən və mürəkkəb dinamika nümayiş etdirmiş, böhranın dərinləşdiyi ilk 7-8 ay ərzində (sentyabr 2008 – mart 2009) dünyanın əsas fond bazarları öz kapitallaşmasının 2/3-ni itirmiş, iqtisadiyyatda likvidlik çatışmazlığını aradan qaldırmaq məqsədilə mərkəzi banklar qeyri-ənənəvi metodlarla fond bazarlarına aktiv şəkildə müdaxilə etmişlər. Ötən dövr ərzində aparıcı iqtisdiyyatlarda müəyyən canlanma meylləri müşahidə olunsa da, ümumilikdə qlobal səviyyədə biznes və istehlakçı kreditləşməsinin məhdud olaraq qalması və dünya maliyyə bazarlarının tənzimlənməsinə dair yeni konsepsiyanın formalaşmasının ləngiməsi şəraitində iqtisadiyyatların və kapital bazarlarının stabil artımının bərpa olunması üçün əlavə vaxt və təşəbbüslərə ehtiyac olacaqdır. Beləliklə, 2010-cu ildə dünya iqtisadiyyatı və fond bazarlarında artımının məhdud olaraq qalması proqnozlaşdırılır.

Qlobal tələbatın azalması fonunda ixrac mallarının (xüsusilə xam neft və neft məhsulları) qiymətinin aşağı düşməsilə və qlobal likvidlik çatışmazlığının Azərbaycanın maliyyə sektorunun xaricdən borclanması imkanlarını məhdudlaşdırması, habelə, mövcud borcların qaytarılması zərurəti yaratmaqla qlobal maliyyə-iqtisadi böhran Azərbaycan iqtisadiyyatına da müəyyən mənada öz təsirini hiss etdirmişdir. Lakin hərtərəfli düşünülmüş iqtisadi siyasət və vaxtında həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində maliyyə sistemi, o cümlədən qiymətli kağızlar bazarı və bütövlükdə ölkə iqtisadiyyatı bu təsirə qarşı yüksək dayanıqlılıq nümayiş etdirmiş və stabil fəaliyyətinə davam etmişdir.

Makroiqtisadi sabitlik və əhalinin gəlirlərinin davamlı artımı 2009-cu il ərzində Azərbaycan qiymətli kağızlar bazarında da institusional inkişaf və struktur dəyişiklikləri üçün şərait yaratmışdır. Hesabat dövründə ölkənin kapital bazarının formalaşması istiqamətində aparılan struktur və siyasət tədbirləri qiymətli kağızlarla əməliyyatların həcminə və proseslərə müsbət təsir göstərmişdir. Belə ki, dövr ərzində mövcud bazar alətlərinin buraxılışı və ticarəti stabil qaydada davam etmiş, müddət və xarakterinə görə yeni alətlər buraxılmış, bütövlükdə həm tələb, həm də təklifin canlanması prosesləri müşahidə edilmişdir.

2009-cu ildə korporativ qiymətli kağızlar bazarında artım dinamikası davam etmiş və 2008-ci ilin müvafiq göstəricisi ilə müqayisədə 10,3% artaraq 457,3 mln. manata çatmışdır.

Pərakəndə səhm bazarında dinamika qorunub saxlanılmışdır. Belə ki, səhmlərin ilkin yerləşdirməsi 13,2% artmış və nəticədə məcmu dövriyyədəki səhmlərin həcmi nominal ifadədə 3,64 mlrd. manata çatmışdır. Bakı Fond Birjasında səhmlərin təkrar dövriyyəsinin həcmi isə 2,3 dəfə, əqdlərin sayı 4,9 dəfə artmışdır ki, bunun da əsas səbəbi ticarətin birjadankənar platformadan tədricən birjaya doğru istiqamətlənməsi olmuşdur. Qeyd olunmalıdır ki, qiymətli kağızların ədalətli bazar dəyərinin müəyyənləşdirilməsi siyasətinin bir elementi olaraq tədavülün mütəşəkkil bazar olan birjada keçirilməsi böyük əhəmiyyət kəsb edir.

2009-cu ildə bütövlükdə borc alətləri bazarına 2 amil təsir göstərmişdir: 1) Pula tələbatın artması nəticəsində həm korporativ, həm də dövlət qiymətli kağızlar sektorunda yeni alətlərin buraxılması; 2) fiskal və monetar sahədə struktur dəyişiklikləri. 2009-cu ildə borc bazarının ümumi həcminin 8%-ini korporativ istiqrazlar, 26%-ini Mərkəzi Bankın qısamüddətli notları, 48%-ini dövlət istiqrazları, 19%-ini veksellər təşkil etmişdir.

Hesabat ilində korporativ borc alətləri bazarı ipoteka istiqrazlarının bazara daxil olması və aktiv genişlənməsi hesabına dinamik inkişaf etmişdir. Ötən il ərzində korporativ istiqraz bazarının həcmi 114,8 mln. manat olmuşdur ki, bu da 2008-ci ilin müvafiq göstəricisindən 141% çoxdur.

İpoteka kreditləri mexanizmlərinin davamlılığı və bazar mexanizmləri vasitəsilə özünümaliyyələşdirmə sxeminə keçidini təmin etmək məqsədilə 2009-cu ilin iyun ayından başlamış Azərbaycan İpoteka Fondunun faizli istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi il ərzində davam etmişdir. İstiqrazların müddətinə görə iki növü vardır: 1) gəlirliyi 3% olan 7 illik istiqrazlar və 2) gəlirliyi 3,25% olan 10 illik istiqrazlar. Ümumi emissiyanın həcmi 130 mln. manat təşkil edir və 2009-cu ilin sonuna kimi 9 tranşla 49 mln. manatı yerləşdirilmişdir ki, onun da əsas hissəsini izafi likvidliyi olan banklar almışdır. Bu ölkədə ilk təminatlı istiqrazdır və yaxın gələcəkdə bu növ alətlərin buraxılışının artacağı gözlənilir. Qeyd edilməlidir ki, ipoteka kreditlərinin bərpası tikinti sektorunun stimullaşmasına şərait yaradacaqdır.

2009-cu il ərzində Mərkəzi Bankın davam etdirdiyi yumşaq pul siyasətilə əlaqədar olaraq dövlət qiymətli kağızları bazarının həcmində 68% azalma müşahidə olunsa da, Maliyyə Nazirliyinin buraxdığı dövlət istiqrazlarının həcmi 55% artmışdır.

2009-cu il ərzində Mərkəzi Bank iqtisadiyyatda likvidliyi artırmaq məsqədilə sterilizasiya alətləri olan notların buraxılışını və gəlirliyini azaltmışdır. Bununla əlaqədar Mərkəzi Bankın qısamüddətli notları ilə aparılan əməliyyatların həcmində keçən ilin müvafiq göstəricisiylə müqayisədə 83% azalma müşahidə olunmuşdur. 2008-ci ildə 9,3% olan notlar üzrə orta gəlirlik 2009-cu ildə azalaraq 2% təşkil etmişdir. Qeyd edək ki, Mərkəzi Bank notların buraxılışını keçən ilin müvafiq dövrü ilə müqayisədə məbləğ üzrə azaltsa da, buraxılışların sayında ciddi dəyişiklik baş verməmişdir və 2009-cu ilin sonuna 9,6 mln. manat həcmində not dövriyyədədir.

Hesabat dövründə Maliyyə Nazirliyi tərəfindən dövlət istiqrazlarının buraxılışı ötən ilin müvafiq dövrü ilə müqayisədə 55% artaraq 503 mln. manata, tədavülü isə 23,3% artaraq 158,1 mln. manata çatmışdır. Ötən il ərzində Maliyyə Nazirliyi çevik emissiya siyasəti yeridərək bazar tələbatına uyğun yeni alətlər təklif etməyə başlamışdır. Belə ki, 2009-cu ildə buraxılmasına başlanmış orta müddətli – 2 illik və 3 illik dövlət istiqrazlarının, 1 illik geri çağırıla bilən dövlət istiqrazlarının, habelə 2008-ci ilin dekabrından dövriyyəyə buraxılan 35 günlük dövlət istiqrazlarının yerləşdirilməsi davam etmişdir. Bu da dövlət istiqrazlarının gəlirlik əyrisinin formalaşması istiqamətində əhəmiyyətli addımdır.

Onu da qeyd etmək lazımdır ki, son dövrdə Mərkəzi Bankın notlarının gəlirliyinin azalması ilə paralel olaraq dövlət istiqrazlarının da gəlirliyi aşağı düşmüşdür.

2009-cu il ərzində qeyri-investisiya alətləri olan mənzil sertifikatlarının, ipoteka kağızlarının və veksellərin buraxılışı davam etmişdir. Bu dövrdə 277,2 mln. manat məbləğində 82 237 m  sahə üzrə 389 mənzil sertifikatı buraxılmışdır. Buraxılmış mənzil sertifikatlarının sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 52%, həmin sertifikatlar vasitəsilə satılmış əmlakın sahəsi isə 3,1 dəfə artmışdır. 

Dövr ərzində Azərbaycan İpoteka Fondunun vəsaitlərilə ipoteka kreditlərinin verilməsinin bərpa edilməsilə əlaqədar dövlət qeydiyyatına alınmış ipoteka kağızlarının sayı 2008-ci ilin müvafiq göstəricilə müqayisədə 4 dəfə artaraq 1 045-ə çatmışdır.

2009-cu ildə veksellərlə əməliyyatlar genişlənmişdir. Belə ki, hesabat dövründə 259,1 mln. manat məbləğində 8 veksel buraxılışı dövlət qeydiyyatına alınmışdır ki, bu da 2008-ci ilin müvafiq göstəricilərindən məbləğ üzrə 4,2 dəfə çoxdur.