Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatı
1 fevral 2010-cu il tarixində Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin (QKDK) və onun struktur bölmələrinin 2009-cu ilin fəaliyyət yekunlarına həsr edilmiş hesabat yığıncağı keçirilmişdir. Yığıncağa sədrlik edən QKDK-nın sədri R.Aslanlı ötən ilin dünya ölkələrinin iqtisadi dayanıqlığının və idarəetməsinin sınaq ili kimi tarixə düşdüyünü, ölkəmizin isə bu sınaqdan uğurla və müvəfəqqiyyətlə çıxdığını qeyd etdi. Məruzəçi 2009-cu il ərzində ölkədə iqtisadi dunamikanın saxlandığını və makroiqtisadi sabitliyin hökm sürdüyünü, ölkənin beynəlxalq mövqeyinin gücləndiyini və sosial sferada qazanılmış uğurların inkişaf etdiyini qeyd etdi. Sədr 2010-cu il üzrə dünya iqtisadi inkişafının əsas gözləntiləri haqqında məlumat verərək, qlobal və milli səviyyədə həyata keçirilən iqtisadi siyasət tədbirlərindən bəhs etdi.
Sonra QKDK-nın Tədqiqatlar və bazarın inkişafı şöbəsinin müdiri əvəzi Natiq Mustafayev hesabat dövründə beynəlxalq və yerli bazarlarda baş vermiş mühüm hadisələr, qlobal və yerli iqtisadi göstəricilərin inkişaf tendensiyaları barədə yığıncaq iştirakçılarına məlumat verdi. Çıxışda 2009-cu ildə bazara yeni alətlərin çıxarıldığı, həm istiqraz, həm də səhm buraxılışlarının artdığı bildirildi. İl ərzində korporativ qiymətli kağızlar bazarının 10,3% artaraq 457,3 mln. manata çatdığı, səhmlərin ilkin yerləşdirilməsinin isə 13,2% artaraq məcmu dövriyyədəki səhmlərin həcminin nominal ifadədə 3,64 mlrd. manata çatdığı, eləcə də, ticarətin birjadankənar platformadan tədricən birjaya doğru istiqamətlənməsi nəticəsində BFB-də səhmlərin təkrar dövriyyəsinin həcminin 2,3 dəfə, əqdlərin sayının isə 4,9 dəfə artdığını iclas iştirakçılarının diqqətinə çatdırıldı. Borc bazarında təklifin şaxələnməsinin müşahidə olunduğu bu növ alətlərin ümumi həcminin 8%-ni korporativ istiqrazlar, 26%-ni Mərkəzi Bankın qısamüddətli notları, 48%-ni dövlət istiqrazları, 19%-ni isə veksellər təşkil edildiyi bildirildi.
Bundan sonra, QKDK-nın Aparatının rəhbəri M.Abbas QKDK tərəfindən bütün fəaliyyət istiqamətləri üzrə ötən il həyata keçirilmiş tədbirlər barədə iclas iştirakçılarına geniş məlumat verdi. Hesabat dövründə qiymətli kağızlar bazarının inkişafı, habelə bazarın funksional tənzimlənməsi sahəsində həyata keçirilən tədbirlər haqda iclas iştirakçıları məlumatlandırıldı. Cari və islahat gündəliyi çərçivəsində yeni normativ-hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edən məruzəçi bu müddətdə 4 yeni Qanun layihəsinin, 4 yeni normativ sənədin hazırlandığını qeyd etdi. Çıxışda QKDK tərəfindən qiymətli kağızlar bazarında şəffaflığın təmin edilməsi və səhmdarların hüquqlarının qorunması, habelə bu dövrdə hazırlanmış QKDK-nın məlumatlandırma və maarifləndirmə konsepsiyası çərçivəsində həyata keçirilmiş işlər haqqında məlumat verildi. Həmçinin, hesabat dövründə QKDK-nın beynəlxalq əlaqələrinin, eləcə də, beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlığının genişləndirilməsinin davam etdirildiyi, qiymətli kağızlar bazarının inkişafı və ticarət arxitekturasının təkmilləşdirilməsi istiqamətində beynəlxalq tərəfdaş təşkilatlarla birgə həyata keçirilən yeni təşəbbüslər barədə iclas iştirakçıları məlumatlandırıldı. Məruzəçi 2009-cu il ərzində kadr islahatları çərçivəsində görülmüş işləri sadalayaraq, il ərzində komitənin əməkdaşlarının 39 faizinin ölkə daxilində və 14 faizinin xarici ölkələrdə təşkil edilən davamlı təlim kurslarında iştirakının təmin edildiyini bildirdi.
Daha sonra Milli Depozit Mərkəzinin (MDM) İdarə Heyətinin sədri B.Əzizov çıxış edərək, hesabat dövrü ərzində MDM tərəfindən görülmüş işlərə dair geniş məlumat verdi. Çıxışda ötən ilin MDM-in inkişafında qabaqcıl korporativ idarəetmə, effektiv əməliyyat və risk menecmenti prinsiplərinin tətbiqi baxımından xüsusi rol oynadığı bildirildi. Məruzəçi MDM-in müştərilərinə xidmət marşrutlarının sadələşdirilməsi və debürokratizasiyanın təmin edilməsi məqsədilə hesabat dövründə yeni təşkilati struktur və əməliyyat prosedurları hazırlanaraq həyata keçirildiyini iclas iştirakçılarının nəzərinə çatdırdı. B.Əzizov eyni zamanda, hesabat dövründə MDM tərəfindən təşkilatı, maliyyə və funksional istiqamətlərdə həyata keçirilən tədbirlərə dair ətraflı məruzə edərək, qarşıdakı dövr üçün əsas prioritet istiqamətləri barəsində yığıncaq iştirakçılarını məlumatlandırdı.
Həmkarlar İttifaqı Komitəsinin (HİK) sədri İ.Muradov isə öz çıxışında QKDK, MDM və BFB-nın əməkdaşlarının və onların ailə üzvlərinin HİK-nın təşəbbüsü ilə ötən il ərzində müxtəlif mədəni-kütləvi tədbirlərdə iştirakının təmin edilməsi barədə görülmüş tədbirlər haqqında iclas iştirakçılarına məlumat verdi.
Hesabat iclasını yekunlaşdıran QKDK sədri R.Aslanlı QKDK-nın ayrı-ayrı struktur bölmələrinin ötən dövrdə qarşıya qoyulmuş vəzifələrin icra vəziyyətini müzakirəyə çıxartdı və qiymətli kağızlar bazarının gələcək inkişaf istiqamətləri üzrə komitənin qarşısında duran qısa və orta müddətli hədəfləri müəyyən edərək, hər struktur bölmənin qarşısında duran vəzifələri açıqladı. O, qiymətli kağızlar bazarının daha çevik ticarət arxitekturasının yaradılması, bu sahədə qanunvericiliyin təkmilləşdirilməsi, qiymətli kağızlar bazarında alətlər çeşidinin genişləndirilməsi, bazarın peşəkar iştirakçılarının peşəkarlıq səviyyəsinin artırılması və investorların hüquqlarının qorunmasına yönəlmiş tədbirləri cari ilin əsas prioritet vəzifələri kimi müəyyən etdi.
İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsi