Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin məlumatı
PRESS-RELİZ
Cari ilin avqust ayının 3-4 tarixlərində Bakı şəhərində Ambassador mehmanxanasında “Çirkli pulların yuyulması və terrorizmin maliyyələşməsinə qarşı mübarizə - qabaqcıl dünya təcrübəsi və yanaşmaları Azərbaycanda” mövzusunda təlim seminarı keçirilmişdir. QKDK-nın təşəbbüsü ilə həyata keçirilən tədbir ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) “Azərbaycanda Ticarət və İnvestisiya İslahatlarına Dəstək” layihəsi çərçivəsində qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının bu sahədə potensialının gücləndirilməsi məqsədilə təşkil edilmişdir. Seminarda QKDK ilə yanaşı Mərkəzi Bank nəzdində Maliyyə Monitorinqi Xidməti və Azərlotereya ASC-nin nümayəndələri, habelə, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları və USAİD təşkilatının ekspertləri iştirak etmişdirlər.
Yığıncaqda beynəlxalq ekspertlər tərəfindən qiymətli kağızlar sahəsində çirkli pulların yuyulması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması və dayandırılmasına yönələn qabaqcıl təcrübələr və bu sahəni tənzimləyən beynəlxalq təşkilatların tövsiyələri barədə ətraflı məlumat verildi. Məruzəçilər tərəfindən qiymətli kağızlar bazarında cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə sahəsində tənzimləyici orqanların və qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının görməli olduğu işlər barədə təqdimatlar edilərək, məsələyə dair geniş müzakirələr təşkil edilmişdir.
Kursun sonunda dinləyicilərə sertifikatlar təqdim edilmişdir.
Mətbuat üçün açıqlamadan istifadə edərkən Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr sektoruna istinad olunmalıdır
İctimaiyyətlə əlaqələr sektoru