Bazarın infrastrukturu

Azərbaycan Respublikasının qiymətli kağızlar bazarının infrastrukturu bazarda bir neçə funksiyanın həyata keçirilməsində rol oynayan peşəkar iştirakçılardan ibarətdir. Həmin iştirakçılara bazarda əqdlərin bağlanmasında iştirak edən brokerlər və dilerləri (underrayeter və market meykerlər daxil olmaqla), ticarət platformasını və qarşılıqlı öhdəliklərin və hesablaşmaların aparılmasını təmin edən Bakı Fond Birjasını, qiymətli kağızların mərkəzləşdirilmiş saxlancının və reyestrinin aparılmasını təmin edən Milli Depozit Mərkəzini aid etmək olar. 

Bundan əlavə, səhmdarlarının sayı 20-dən az olan səhmdar cəmiyyətlər reyestrinin aparılmasını müvafiq ixtisas şəhadətnamələri almaqla özlərinin daxili resurları hesabına təmin edə bilər.

Ümumilikdə qiymətli kağızlar bazarında dövlət siyasətinin və nəzarətinin həyata keçirilməsi Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən təmin edilir. Hal-hazırda qiymətli kağızlar bazarında 11 broker və diler, 1 fond birjası, 3 depozitar fəaliyyəti və 2 reyestrin aparılması lizenziyasına malik peşəkar iştirakçı fəaliyyət göstərir.