Vətəndaşların dövlət orqanlarına təkliflər, ərizə və şikayətlərlə müraciət etməsi insan hüquqlarının həyata keçirilməsində və qorunmasında mühüm vasitədir.
Azərbaycan Respublikası Konstitusiyasının 57-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına şəxsən müraciət etmək, habelə fərdi və kollektiv yazılı müraciətlər göndərmək hüququ vardır.
Bununla əlaqədar olaraq, Azərbaycan Respublikası vətəndaşlarının yazılı və şifahi şəkildə təkliflər vermək, ərizə ilə müraciət etmək, vəzifəli şəxslərin qanuna zidd hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüquqlarının həyata keçirilməsi üçün şərait yaradılmasının zəruriliyini nəzərə alaraq, vətəndaşların QKDK-nın Sədri və digər vəzifəli şəxslər tərəfindən qəbulu aşağıdakı qaydada həyata keçirilir:
1. Qəbula düşmək arzusunu bildirən istənilən vətəndaş ilin əvvəlində QKDK-nın Sədri tərəfindən təsdiq edilmiş və QKDK-nın rəsmi saytında və yaxud inzibati binanın foyesinin məlumat stendində yerləşdirilmiş “QKDK-da vəzifəli şəxslərin qəbul günləri cədvəli” ilə tanış olmalıdır.
2. Qəbul ilə əlaqədar yazılı izahatını təqdim etməlidir.
3. Müraciətinin formasını əvvəlcədən dəqiqləşdirməlidir:
- təklif - dövlət hakimiyyəti orqanı, idarə, təşkilat və müəssisənin fəaliyyətinin yaxşılaşdırılmasını, təhsil, elm, texniki, hüquq, yaradıcılıq və başqa sahələrlə bağlı məsələlərin həllini nəzərdə tutan müraciət;
- ərizə - vətəndaşlara məxsus hüquqların həyata keçirilməsi ilə bağlı tələbləri nəzərdə tutan müraciət;
- şikayət - dövlət orqanına, idarəsinə, təşkilatına və müəssisəsinə pozulmuş hüququn bərpasını nəzərdə tutan müraciət.
4. Qəbulla əlaqədar müraciətinə baxılan vətəndaş (və ya vətəndaşlar), QKDK tərəfindən göstərilən qəbul olunma tarixi ilə məlumatlandırıldıqdan bir neçə gün sonra qəbul məsələlərini tənzimləyən müvafiq struktur bölmə ilə əlaqə saxlamalıdır.
Sədrin qəbul otağı : 493 50 58 (2-09)
Ümumi şöbə : 493 50 58 (2-32)
5. Həmçinin vətəndaşlar QKDK-nın rəsmi saytında “Müraciətlər” bölməsinin “Qəbul günləri” pəncərəsinə daxil olmaqla qəbulla əlaqədar bütün məlumatları əldə edə bilərlər.
6. QKDK-nın internet səhifəsinin “Əlaqə” bölməsinə vətəndaşlar tərəfindən yerləşdirilən bütün müraciətlər, mütəmadi olaraq, QKDK-nın Ümumi şöbəsində qeydiyyata alınır və onlara qanunvericiliyə uyğun şəkildə baxılır. Bu haqda müraciət edən vətəndaş məlumatlandırılır.